Mədəni–kütləvi tədbirlər
həyata keçirilir
Binəqədi Mərkəzi Mədəniyyət evinin təməli hələ keçən əsrin əvvəllərində, 1901–ci ildə qoyulmuşdur. Mədəniyyət evi uzun illərdir ki, Binəqədi qəsəbəsinin sakinlərinə mədəni xidmət göstərir. Bu mərkəzin səhnəsində öz dövrünün görkəmli sənət adamlarının əsərləri oynanılmış, neçə–neçə xatirə gecələri, kütləvi mədəni tədbirlər həyata keçirilmişdir.
Binəqədi qəsəbəsinin bir çox sakinləri mədəniyyət evi ilə daim əlaqə saxlayır, dərnəklərdə, özfəaliyyət kollektivlərində, kurslarda məşğul olurlar.
Mədəniyyət evinin A.Qurbanov adına Xalq Teatrı, “Qönçə” instrumental ansamblı, “Pöhrə” rəqs qrupu indi respublikamızın tanınmış kollektivlərindən sayılır.
Buradakı xalq teatrının repertuarı daim zənginləşir. Kollektivin ifasında A.Nemətin “Telefon”, S.M.Qənizadənin “Dursunəli Ballı barı”, S.Rüstəmin “Çimnaz xanım yuxudadır”, M.F.Axundovun “Mürafiə vəkilləri”, “Cırtdan”, Ş.Xeyrullayevanın “Heykəl danışır” və sair əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
2008–ci ildən fəaliyyət göstərən “Töhfə” rəqs qrupunun repertuarı da günü–gündən zənginləşir. Mədəniyyət evinin direktoru Zivər xanım Abbasova deyir ki, bu qrupun püxtələşməsində S.Həsənovanın böyük əməyi olmuşdur. Qrupun ifasında “Toy”, “Qaval”, “Təbrizi”, “Ağ çiçəyim” və başqa rəqslər peşəkar səviyyədə ifa olunur.
“Qönçə” instrumental ansamblının tez–tez şəhər tədbirlərinə dəvət olunması bu qrupun peşəkarlığından xəbər verir.
Bu yaxınlarda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi tədbirdəki çıxışına görə kollektiv xüsusi diploma layiq görülmüş, mədəniyyət evinin işi yüksək qiymətləndirilmişdir.
Təqdirəlayiq haldır ki, mərkəzi mədəniyyət evində 10–a yaxın kurs və dərnək, o cümlədən musiqi, muğam, rəqs, rəsm, dərzilik və sair qruplar da fəaliyyət göstərir.
Mərkəzi Mədəniyyət evinin fəaliyyətində hərbi vətənpərvərlik işi də mühüm yer tutur. Mədəniyyət evinin kollektivləri tez–tez gənclərin hərbi xidmətə yola salınması mərasimində iştirak edir və hərbi hissələrdə maraqlı konsert proqramları ilə çıxış edirlər. Mərkəzi mədəniyyət evinin kollektivi ulu öndərin 90 illiyi ilə bağlı bir sıra mədəni tədbirlər həyata keçirmişlər. Görüşlər, “dəyirmi masa”lar, ədəbi–bədii kompozisiyalar, əl işlərindən ibarət sərgilər buna misal ola bilər. Bakı şəhər mədəniyyət və turizm idarəsinin tapşırığı ilə şəbəkəyə daxil olan bütün mədəniyyət müəssisələri ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bir–birindən zəngin tədbirlər həyata keçirmişdir.
Mərkəzi Mədəniyyət evinin direktoru qeyd etdi ki, bu mədəniyyət müəssisəsi daim Bakı şəhər mədəniyyət və turizm idarəsinin diqqətində olmuş, müxtəlif vaxtlarda avadanlıqlarla təchiz olunmuş, cari təmir edilmişdir.
Zabit CAVADOV,
Respublika.-2013.-2 iyun.-S.8.